
Ağayev Əsədulla Atamoğlan oğlu
ATU-nun Pediatriya fakultəsinin 413-cü qrup tələbəsi
Klonlaşdırma günümüzün ən aktual problemlərindən biridir. O elmin müxtəlif sahələrində böyük əks-sədaya səbəb olub. Klonlaşdırma nədir? Nəyə görə bu mövzu indi bir çoxlarını düşünməyə vadar edir? Onun cəmiyyətdə rolu və təsiri nə dərəcədə əhəmiyyətlidir?
Klonlaşdırmanı süni mayalandırma ilə səhv salmaq lazım deyil. Süni mayalandırma zamanı dişi yumurtahüceyrənin erkək toxumu(spermatozoid) ilə mayalanmasıdır. Klonlaşdırma isə dişi yumurtahüceyrənin haploid nüvəsini kənarlaşdırılaraq başqa bir orqanizmin diploid nüvəsinin bu yumurtahüceyrəyə yeridilməsidir. Bunun nəticəsində elə bir fərd meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə tamamilə oxşar olur. Əvvəllər belə hal ancaq ekizlərdə müşahidə olunurdusa, klonlaşdırma zamanı bu qanunauyğunluq kimi özünü göstərir. Bunu izah etmək asandır. Məsələ burasındadır ki, diploid nüvəsi yumurtahüceyrənin daxilinə düşən kimi özünü normal halda yumurtanın mayalanmasından alınan ziqot kimi aparır və beləliklə də bölünür. Bölünmənin bütün mərhələləri normal ziqotda olduğu kimi gedir. Nəticədə yaranan yeni orqanizm diploid nüvəsini götürdüyümüz orqanizmə genotip cəhətcə tam oxşayır. Bu o deməkdir ki, bu nəsil bütün xüsusiyyətlərinə görə(xasiyyəti, istedadı, imkanları və s.) eyni liə diploid nüvəsini götürdüyümüz orqanizmə bənzəyir. Bu baxımdan klonlaşdırma elmin son nailiyyətlərindən hesab olunur.
İndiyə qədər məlum idi ki, dünyada bir-birinə oxşayan iki insan tapmaq mümkün deyil, klonlaşdırma isə bu fikirləri alt-üst etdi. Lakin “oxşamaq” kəlməsi burada şərti işlədilib. Çünki əgər yeni nəsil diploid nüvəsini götürdüyümüz orqanizmə təsir edən xarici amillərə məruz qalmasa, onun xasiyyətində müəyyən dəyişikliklər hiss olunacaq. Bu fikrin doğruluğunu isbat etmək üçün Avropada 20-ci əsrin əvvəllərində belə bir təcrübə aparılıb: Bir ailədə doğulan iki ekiz qızların birini varlı, digərini isə kasıb ailəyə saxlamağa verirlər. Bu qızlar müxtəlif mühitlərdə böyüdüklərinə görə eyni genotipə malik olmalarına baxmayaraq xasiyyətlərində müəyyən dəyişikliklər baş verib.
Klonlaşdırma müxtəlif məqsədlərlə aparılır. Bu baxımdan onu iki hissəyə ayırmaq olar: terapevtik və reproduktiv klonlaşdırma.
Terapevtik klonlaşdırma 14 günlük (2 həftəlik) rüşeymin inkişafının dayandırılması yolu ilə bu rüşeymin differensasiya etməmiş sütun hüceyrələrinin əldə olunmasıdır. Bu əməliyyat o məqsədlə aparılır ki, rüşeym hüceyrələri tam differensasiya etmədiyindən onu insan orqanizminin hər hansı orqanının xəstə və ya ölmüş hüceyrələri ilə əvəz etmək olar. Çünki sütun hüceyrələri elə bir hüceyrələrdir ki, orqanizmin hər hansı hüceyrəsinə çevrilə bilər. Bu üsulla müalicəsi çətin olan bir çox xəstəliklərə qarşı (qastrit, infarkt miokard Parkenson xəstəliyi, ürək, qaraciyər, sümük, qan və s...) mübarizə aparmaq olar. Qeyd etmək lazımdır ki, hal-hazırda Çin hökuməti bu rüşeymləri konservləşdirərək başqa dövlətlərə ixrac etməklə böyük gəlir əldə edirlər.
Reproduktiv klonlaşdırmanın terapevtik klonlaşdırmadan fərqi ondadır ki, bu zaman rüşeymin inkişafı dayandırılmır. Belə olan halda rüşeym inkişaf edərək dölə çevrilir və o da öz növbəsində yeni fərd şəklində təzahür edir.
Klonlaşdırma tibb sahəsində yeni kəşfdir və hələ ki, tam öyrənilə bilməyən bir bölmədir. Bu istiqamətdə çoxlu təcrübələr aparılır. Bu təcrübələrin nəticələri bəzən kütləvi informasiya vasitələrindən gizli saxlanılır. Bu da klonlaşdırma haqqında çoxlu söz-söhbətlərin, ziddiyyətli, çox vaxt isə həqiqətə uyğun olmayan məlumatların yayılmasına səbəb olur. Bəzi mənbələr klonlaşdırmanın iftiradan başqa bir şey olmadığını bildirirlər. Başqa biriləri isə klonlaşdırmanın heyvanlar üzərində tətbiq olunduğunu və alimlərin gözləmədikləri yaxşı nəticələr haqqında danışırlar.
Klonlaşdırmanın tarixi də müəmmalıdır. Belə ki, ilk klonlaşdırılmış məməli Dolli adlı qoyun hesab olunduğu bir vaxt Raelian dini sektası bildirir ki, ilk klonlaşdırılmış canlı insandır və bu sekta tərəfindən hələ 1978-ci ildə həyata keçirilib. Çoxları bu fikrə şübhə ilə yanaşır və belə hesab edirlər ki, bu, sekta tərəfindən uğurlu seçilmiş təbliğat üsuludur.
Dində klonlaşdırmaya olan münasibət kəskindir. Müxtəlif dinlər arasındakı bəzi fikir ziddiyyətlərinin olmasına baxmayaraq bu məsələdə demək olar ki, bütün dini icmalar fikir həmrəyliyi nümayiş etdiriblər. Bu baxımdan Xristian və İslam dininin nümayəndələri öz ehtirazlarını daha qabarıq bildirirlər. Ümumiyyətlə dində Allahın yaratdığına müdaxilə etmək böyük günah hesab olunur. İslam dininin tərəfdarları fikirlərini onunla əsaslandırırlar ki, canlılar üzərində aparılan elmi təcrübələr onların həyatlarına böyük təhlükə törədir və çox zaman ölümlə nəticələnir. Onlar bu təcrübələri Allahın işinə müdaxilə kimi qiymətləndirirlər. Məhz elə bu fikri əsas gətirən Vatikan kilsəsi bütun xristian aləmini bu təcrübələrə son qoymağa çağırır.
Klonlaşdırma probleminə siyasi aləm də biganə qalmayıb. Bir sıra super dövlətlər və siyasi qurumlar bu məsələyə öz qəti etirazlarını bildiriblər. Rusiyanın Tibb Elmləri Akademiyasının molekulyar genetika institutu belə bir bəyanatla çıxış edib ki, insanı nəzəri cəhətdən klonlaşdırmaq mümkündür, amma əgər bu, anormal uşağın doğulması ilə nəticələnəcəksə( qeyd edək ki, belə halların baş vermə ehtimalı 99%-dir), məsuliyyəti kim daşımalıdır? ABŞ höküməti vaxtı ilə bu tip əməliyyatların öz ərazisində aparılmasını qadağan etmiş, nəticədə ilk klonlaşdırma əməliyyatı Atlantik okeanının neytral sularında aparılmışdır. Klonlaşdırmanın əlehdarları çoxaldıqca bu təcrübələrə vəsait ayıranların sayı da get-gedə azalmağa başladı. Belə ki, Avropa Şurası nəinki klonlaşdırmaya daha pul vəsaiti ayırmayacağını bildirmiş, həm də insan klonlaşdırılmasına qarşı qətnamə qəbul etmişdir. NATO da bu məsələdə yuxarıda adları sadalanan ölkələrlə bir olduğunu nümayiş etdirmişdir. Lakin elə ölkələr də var ki, əksinə klonlaşdırm təcrübələrinə icazə verib. Yaponiya, Böyük Britania bu ölkələrin siyahısındadır. Onlar bunu belə izah edirlər ki, bu proses ciddi nəzarət altında aparılacaq və söhbət yalnız terapevtik klonlaşdırmadan gedir. Əlbəttə bu, az inandırıcı görü nür, çünki dövlət nəzarəti nə qədər güclü olsa da, mütləq elə insanlar və ya təşki- latlar tapılacaq ki, onlar bundan pis məramlarda istifadə etməyə cəhd göstərəcəklər.
Klonlaşdırmanın cəmiyyətdə yaratdığı fikir müxtəlifliyini onunla izah etmək olar ki, adi insanların alimlərdən fərqli olaraq bu haqda fikirləri ya cüzidir, ya da ki, ümumiyyətlə yoxdur. Məsələnin qorxulu tərəfi də elə budur. Çünki hər hansı bir dövlətdə klonlaşdırma haqqında qanunu qəbul etmək üçün hökumət xalqın bu savadsızlığından istifadə edərək onun razılığını alıb, sonradan öz məqsədləri naminə klonlaşdırılmış insanlar yarada bilər. Əlbəttə burada reklamın oynadığı rolu da qeyd etmək lazımdır. Məsələn: televizorda övladı olmayan bir ailənin klonlaşdırmanın sayəsində necə övlad sevinci yaşadığı göstərilir və yaxud klonlaşdırma nəticəsində insanın xəstə orqanını yenisi ilə əvəz edib onun ömrünün uzadılması təbliğ olunur. Nəticədə klonlaşdırma cəmiyyətdə müsbət qarşılanır. O, əvvəlcə varlı təbəqə arasında dəb kimi yayılır. Çünki klonlaşdırma bahalı əməliyyatdır. Lakin texnologianın inkişaf etməsi ilə əlaqədar bu əməliyyat ucuzlaşır və nisbətən kasıb təbəqə də klonlaşdırılmış insanların “sahibinə” çevrilir. İlk baxışdan insan belə düşünür ki, klonlaşdırma minlərlə insanın həyatını gözəlləşdirə bilər. Düzdür, bu fikirdə həqiqət var. Amma gəlin buna başqa tərəfdən yanaşaq. Bəzi mütəxəssislər qeyd edirlər ki, bundan istifadə edən bir sıra
dövlətlər (əsasən super dövlətlər) klonlaşdırılmış insanları hərb məqsədləri ilə istifadə edə bilərlər. Bundan başqa, cəmiyyət dediyimiz məvhum iflasa uğraya bilər. Səbəb isə budur ki, cəmiyyətin özəyi olan normal ailə anlayışı köklü surətdə dəyişir, bu dəyişiklik özünü cəmiyyətdə də büruzə verir.
Hüquqi nöqteyi nəzərdən əgər insan rüşeyminin inkişafı süni surətdə dayandırılsa, bu gələcəkdə insan olacaq bu rüşeymə qarşı qəsd hesab olunmur, çünki insan hələ dünyaya gəlməyib və deməli o, fiziki şəxs sayıla bilməz. Amma eyni hərəkət insan hüququnun tapdalanması və etik cəhətdən cinayət kimi qəbul edilir. Bundan başqa dünyaya gələn klonun aqibəti onun kimə məxsus olması da mübahisəlidir. Belə ki,
əgər yumurtahüceyrə bir şəxsə, ona yeridilən diploid nüvəsi başqa şəxsə, həmin rüşeymin inkişaf etdiyi mühit (uşaqlıq) üçüncü şəxsə (surroqat ana) məxsusdursa, onda
dünyaya gələcək insana hər üç səxsin iddiası ola bilər və hər üç şəxs bu insanın (klonun) valideyni sayıla bilər. Başqa bir hal: əgər tənha qadın ailə qurmadan övladının ol mağını istəyirsə və bunun üçün öz yumurtahüceyrəsini elə öz diploid nüvəsi ilə “mayalandıraraq” özünə tam oxşayan insan alırsa, onda belə bir sual meydana çıxır ki, bu insanın atası kimdir?
Klonlaşdırmanın gələcəkdə nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Çünki burada variant müxtəlifliyi çoxdur. Bir fikri unutmaq olmaz: elm elə bir məvhumdur ki, insanın ondan necə istifadə etməsindən asılı olaraq bəşəriyyəti xilas edə və yaxud onu məhv edə bilər. Ona görə də bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Əks halda bu, çox ağır fəsadlarla nəticələnə bilər.
Baxış sayı:351
Oktyabr 19, 2007 21:16 tarixində, medical tərəfindən,
Maraqlı faktlar, Referatlar bölməsində yazılib.
Şərhlər(3)

salam.evvela onu deyim ki,bu movzu mende boyuk maraq oyatdi.ATUya daxil olmamisdan klonlasdirma maragimi celb etmisdir.bu haqda butun fikirlerinizle temamile raziyam.xususile deinsanlarin tibbden hansi meqsedlerle istifade etmesi barede/geleceyin hekimi kimi isterdim ki,her kes vicdanla isleyib insanlarin saglamligi yolunda isler gorsun.gelin elmden insanlara qarsi deyil,xesteliklere qarsi silah kimi istifade edek!!!
Noyabr 27, 2007 18:39